Həsən Məmməd oğlu Həsənov 5 dekabr 1904-cü ildə Cəbrayıl qəzasının Soltanlı kəndində əkinçi ailəsində anadan olmuşdur. Həmin kənddə 1913-cü ildə rus-tatar məktəbi açıldıqda Həsən Həsənov məktəbin birinci sinfinə daxil olmuş və 1916-cı ilədək orada oxumuşdur. 1916-cı ildə müharibə səbəbindən oxuduğu məktəb bağlanmış və Həsən Həsənov kənd təsərrüfatı işləri ilə məşğul olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra doğulduğu Soltanlı kəndində 1-ci dərəcəli məktəb açılmış və o, 1924-cü ilədək həmin məktəbdə oxumuşdur. Sözügedən məktəbi bitirdikdən sonra hazırkı Füzuli rayonundakı 2-ci dərəcəli məktəbə daxil olmuş və 1926-cı ilədək burada təhsil almışdır. Həmin ilin noyabrında Fəhlə-Kəndli Qırmızı Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırılmış və orada Ağdam–Cəbrayıl hərbi komissarlığında katib vəzifəsinə təyin edilmişdir. Ağdamda, eyni zamanda hərbi komissarlıqda qulluq etməklə 2-ci dərəcəli pedaqoji təmayüllü məktəbdə təhsilini davam etdirmiş və 1928-ci ildə oranı bitirmişdir. Həsən Həsənov ordu sıralarında komsomol təşkilatının fəal üzvü olmuş və 1928-ci ildə bolşeviklər partiyasına qəbul edilmişdir.
Həsən Həsənov bir müddət «Osoaviaxim»in Qarabağ Dairə Şurasında məsul katib vəzifəsində çalışmış və 1929-cu ildə partiya təşkilatı tərəfindən Moskvaya, Krupskaya adına Kommunist Tərbiyəsi Akademiyasına oxumağa göndərilmişdir. 1932-ci ildə təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmış, 1932-ci ilin iyulundan 1933-cü ilin noyabrınadək Azərbaycan K(b)P Qasım İsmayılov Rayon Komitəsinin Mədəniyyət və təbliğat şöbəsinin müdiri vəzifəsində işləmiş, ardınca Azərbaycan K(b)P Mərkəzi Komitəsinə təlimatçı göndərilmişdir. Burada 1935-ci ilədək çalışmış və yenidən Moskvaya, Qırmızı Professorlar İnstitutunun Tarix fakültəsində təhsil almağa göndərilmiş, 1938-ci ilin fevralınadək — QPİ bağlananadək burada oxumuşdur. İnstitut ləğv edildiyi üçün diplom işini müdafiə edə bilməmişdir.
1938-ci ildə Bakıya qayıdan Həsən Həsənov Azərbaycan K(b)P MK-ya göndərilmiş və əvvəlcə Partiya Tarixi İnstitutunun elmi-tədqiqat işləri üzrə direktor müavini, 1938-ci ilin avqust ayından 1939-cu ilin aprel ayınadək isə direktoru olmuşdur. 1939-cu ilin aprelində Azərbaycan K(b)P MK-nın Kadrlar şöbəsi müdirinin müavini təyin edilmiş və 1940-cı ilin fevral ayında oradan Azərbaycan K(b)P Bakı Şəhər Komitəsinə kadrlar üzrə katib göndərilmişdir. 1942-ci ilin mart ayından Mərkəzi Komitənin yeyinti sənayesi üzrə katibi olmuş və həmin ilin oktyabr ayında Mərkəzi Komitənin üçüncü katibi vəzifələrinə irəli çəkilmişdir.
Həsən Həsənov 1944-cü ilin aprelində ÜİK(b)P MK-nın qərarı ilə İrana diplomatik işə göndərilmiş və Təbrizdə SSRİ Baş Konsulluğunun vitse-konsulu təyin edilmişdir. O, 1945-ci ilin yanvar ayınadək burada çalışmışdır. 1945-ci ilin may ayında Azərbaycan K(b)P Mərkəzi Komitəsinin təbliğat-təşviqat üzrə katibi təyin edilmişdir. 1951-ci ilin dekabr ayınadək bu vəzifədə işlədikdən sonra Mərkəzi Komitənin Elm və mədəniyyət şöbəsi müdirinin müavini, ardınca isə şöbə müdiri vəzifələrinə keçirilmişdir. 1954-cü ildə bu vəzifədən azad edilərək Partiya Tarixi Muzeyinin direktoru təyin edilmişdir. Ardınca V. İ. Lenin adına Mərkəzi Muzeyin Bakı Filialının direktoru olmuşdur. 1960-cı ilin dekabr ayında müvəqqəti olaraq Mərkəzi Lenin Muzeyinə ezam edilmiş, Bakıya qayıtdıqdan sonra direktor vəzifəsini davam etdirmişdir. 1962-ci ilin yanvar ayında Muzeyin Bakı Filialının direktoru vəzifəsindən azad olunduqdan sonra yenidən Partiya Tarixi İnstitutunda çalışmışdır. Burada o, 1974-cü ilədək baş elmi işçi olmuşdur.
Həsən Həsənov 1960-cı ildə Moskvada «Cənubi Azərbaycanda milli-demokratik hərəkat (1941–1946-cı illər)» mövzusunda dissertasiyanı müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1964-cü ildə pensiyaya çıxmış, 1968-ci ilin mart ayından ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.
Həsən Həsənov Azərbaycan KP Mərkəzi Komitəsinin və Mərkəzi Komitə bürosunun üzvü seçilmiş, Sov.İKP-nin XIX qurultayının nümayəndəsi olmuşdur. SSRİ Ali Sovetinin (2-ci və 3-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir. «Lenin», «Qırmızı əmək bayrağı» və «Şərəf nişanı» ordenləri, habelə «Qafqazın müdafiəsinə görə» və «1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə» medalları ilə təltif edilmişdir. 1960-cı ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.
Həsən Həsənov 21 mart 1977-ci ildə Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Həsən Məmməd oğlu Həsənov