İsrafil Məhəmməd oğlu Əsgərov

    İsrafil Məhəmməd oğlu Əsgərov 04 avqust 1934-cü ildə Cəbrayıl rayonunun Karxulu kəndində anadan olmuşdur. 1942-1949-cu illərdə Maralyan yeddiillik məktəbində oxumuş, 1949-cu ildə Bakı Dənizçilik Məktəbinin hərbi-dənizçilik şöbəsinə daxil olmuşdur. 1953-cü ildə məktəbi bitirib dizel mühərrikli hərbi gəmilərin zabit-elektromexaniki ixtisası üzrə texnik-leytenant hərbi rütbəsi almışdır.
    1954-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə daxil olmuş, 1960-cı ildə həmin fakültəni bitirərək “Faydalı qazıntı yataqlarının işlənməsi” ixtisası üzrə dağ-mədən mühəndisi adını almış və Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda işləməyə başlamışdır.
     1961-ci ildə İsrafil Əsgərov Naxçıvan Muxtar Respublikası Şərur rayonunun “Gümüşlük” qurğuşun-sink mədənində dağ-mədən işləri ustası-mühəndisi işləmişdir. 1962-1964-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda aspiranturada oxumuş, 1965-1970-ci illərdə Azərbaycan Elmlər Aakademiyasının Geologiya İnstitutunda dağ-mədən işləri bölməsində kiçik elmi işçi olmuşdur.
    1970-ci ildə Gürcüstan Politexnik İnstitutunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
    İ.Əsgərov 1971-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasnın Geologiya İnstitutunda laboratoriya rəhbəri, bölmə müdiri işləmişdir, 1993-cü il may ayında doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. İsrafil müəllim bu illərdən sonra həm də ADNA-da müəllimlik etmiş, o cümlədən geologiya fakültəsi diplom komissiyasının sədri olmuşdur.
    İ.M.Əsgərov 70-dən çox elmi əsərin, 2 monoqrafiyanın və istehsalata tətbiq olunmuş bir neçə elmi-texnoloji layihənin müəllifidir. Tanınmış alim 2001-ci il yanvarın 10-da dünyasını dəyişmişdir. Allah rəhmət eləsin.

Yuxarı