Əzizov Elçin Əvəz oğlu

    Əzizov Elçin Əvəz oğlu — 30 mart 1985-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində andan olub. İlk təhsilini doğulduğu kənddə alan Elçin məcburi köçkün düşdükdən sonra Xətai rayonunda fəaliyyət göstərən Zəngilan rayon 28 saylı tam orta məktəbdə təhsilini davam etdirmiş və 2002-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. 2006-cı ildə universiteti bitirərək hərbi xidmətə yollanır. Hərbi xidmətini uğurla başa vurduqdan sonra 2007-2012-ci illərdə müxtəlif sahələrdə çalışmışdır. Hərbiyə olan böyük marağı onu 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinə gətirib çıxarır. İşlədiyi müddət ərzində göstərdiyi yüksək səviyyəli xidmətə görə Elçin Əzizov dəfələrlə Fəxri fərman və medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə O, 16 avqust 2018-ci il tarixdə “Hərbi xidmətlərə görə”, 16 avqust 2019-cu il tarixdə “Vətən uğrunda” medalları, Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə 29 dekabr 2013-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı, 03 dekabr 2014-cü ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” yubiley medalı, 18 avqust 2015-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, 14 avqust 2019-cu ildə  “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmuşdur. Elçin Əzizov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən dördgünlük aprel döyüşlərində könüllü olaraq iştirak edir və böyük şücaət göstərir. 27 sentyabr 2020-ci il tarixdə başlamış İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi uğrunda gedən müharibədə böyük qəhrəmanlıq göstərərək,  oktyabr ayının 13-də Cəbrayıl rayonunun Sarıcallı kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına  Şəhid olmuşdur. İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır. Ailəli idi, üç övladı var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə baş leytenant Əzizov Elçin Əvəz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına  görə” medalları ilə təltif edilmişdir. Binəqədi rayon Sulutəpə qəsəbəsində yaşadığı küçəyə adı verilmişdir.

Yuxarı