4 May 2025-ci il tarixdə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə rayonumuzun Daş Veysəlli kəndində Böyük Qayıdışın sevincini özündə əks etdirən “Kəndimizə qayıdırıq” adlı el şənliyi təşkil olundu. Bu böyük el şənliyində şəhid ailələrinin nümayəndələri, qazilər, kənd ağsaqqalları, ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Şənlik kəndin tanıtım lövhəsi yanında ağacəkmə aksiyası və qurban kəsilməsi ilə başladı. Kənd qəbiristanlığında uyuyan əzizlərimizin və şəhidlərimizin məzarları ziyarət edilərək xatirələri birdəqiqəlik sükutla yad edildi, dualar oxundu. Şəhid məzarları ətrafında ağacəkmə aksiyası davam etdirildi.
Qeyd etmək istəyirəm ki, kənd 20 oktyabr 2020-ci ildə düşmən tapdağından azad olunub, kənddə qızğın döyüşlər gedib. Çoxlu sayda kənd sakini şəhid və əlil olub.
Şənlik kəndin xarabalıqları əhatəsində toplantı şəklində, musiqiçilərin iştirakı ilə növbəti bir mərhələyə qədəm qoydu. İşğaldan sonra bu ərazidə ilk dəfə Azərbaycan respublikasının Dövlət Himni səsləndirildi. İgid oğulların at belində məclis ərazisinə yaxınlaşması və Əlyar yalı adlı yüksək təpə üzərində tonqalların alovlandırılması insanlara həm xoş, həm də kövrək anlar bəxş etdi.
Çıxış edən şəhid ailələrinin nümayəndələri, ağsaqqallar, qazilər və başqaları bu gözəl anları bizlərə bəxş edən Ali Baş Komandana, cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər. Çay süfrəsi ətrafında növbəti görüləcək işlər müzakirə olundu. Bu səpkili tədbirlərin davam etdirilməsi qərara alındı.
İfalar, rəqslər bir-birini əvəz etdi. Musiqi sədaları altında “Yallı”ya qoşulan kənd sakinləri birliklərini və yurda qayıtmaq istəklərini bir daha nümayiş etdirdilər.
HİDAYƏT SƏFƏRLİ