Yolçuzadə Nizami Vahid oğlu

    Kapitan Yolçuzadə Nizami Vahid oğlu 10 aprel 1990-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Orta təhsilini Cəbrayıl rayonunun 8 nömrəli tam orta məktəbində alan Nizami oxuduğu müddətdə savadı, yüksək vətənpərvərliyi ilə müəllim və şagirdlərin sevimlisinə çevrilmişdi. Vatənə olan bu sevgi onu 2007 -ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirmişdir. Ali hərbi məktəbi uğurla bitirdikdən sonra təyinatı üzrə zabit olaraq Milli Ordu sırasına qatılmış, xidməti dövründə xarakterində yer alan yüksək vətənpərvərlik hissini öz əsgərlərinə aşılamış və bütün şəxsi heyətin rəğbətini qazanmışdır. Nümunəvi xidmətlərinə görə Müdafiə Nazirinin 23.05.2016-cı il tarixli 095t nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi», 20.06.2019-cu il tarixli 079t nömrəli əmri ilə «100 illik yubiley» meddalları və 26.06.2019-cu il tarixli 0153 nömrəli əmri ilə «Qüsursuz xidmətə görə III dereceli medalı» ilə təltif olunmuşdur. Kapitan rütbəsinə qədər yüksələn Yolçuzadə Nizami Tabor komandirinin müavini vəzifəsində çalışırdı.
    Yolçuzadə Nizami Vahid oğlu 18 iyun 2022-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində xidməti vəzifəsini həyata keçirən zaman həlak olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilib. Ailəli idi, iki azyaşlı övladı var. Azərbaycan Respublikası Müdafiə Naziri cənab Zakir Həsənovun 19 iyul 2022-ci il tarixli 1/Y-10 nömrəli əmri ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Kapitan Yolçuzadə Nizami Vahid oğlu “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir.  

Yuxarı