Mustafayev Təhmasib Sərməst oğlu

    Mustafayev Təhmasib Sərməst oğlu — 30 avqust 1989-cu ildə Cəbrayıl rayonunun Hasanlı kəndində anadan olub. 1996-2007-ci illərdə Kürdəmir rayon Vahid Əhmədov adına Topal Həsənli tam orta məktəbində təhsil almışdır. 2008-2009-cu illərdə Naxçıvanda yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. 2010-cu ilin aprel ayından etibarən N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin atəş təminatı qrupunda dəzgahlı qumbaraatanın heyət komandiri olaraq yenidən ordu sıralarına qoşulmuşdur. 2011-ci ildə Türkiyədə xüsusi təyinatlı dəstədə 6 aylıq təlim keçmişdir. 2012-2014-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Orta İxtisas Hərbi Məktəbinin “Daxili Qoşunlarda taktiki komandanlıq” ixtisasını bitirərək leytenant hərbi rütbəsində xidmətini davam etdirmişdir. 2018-ci ildə xüsusi təyinatlı dəstənin atəş təminatı qrupunun komandiri vəzifəsinə təyinat almışdır. Xidməti dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medala layiq görülmüşdür. Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən  07 noyabr 2020-ci il tarixində Şuşa istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir. Ailəli idi, bir övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə baş leytenant Mustafayev Təhmasib Sərməst  oğlu ölümündən sonra  3-cü dərəcəli «Rəşadət» ordeni, “Vətən uğrunda” və «Şuşanın  azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

Yuxarı