Əliyev Ziyadxan İbrahim oğlu — 12 yanvar 1997-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Ziyadxan 2003-2011-ci illərdə Kürdəmir rayon Carlı kənd, 2012-2014-cü illərdə Qubadlı rayon Fərcan kənd tam orta məktəbində təhsil almışdır. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində təhsilini davam etdirmiş, ali təhsilini başa vurduqdan sonra 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmışdır. 01 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə tapşırığı yerini yetirərkən düşmənin snayper gülləsinə tuş gələrək Şəhidlik zirvəsinə ucalmışdır. Subay idi. Kürdəmir rayonunda dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əliyev Ziyadxan İbrahim oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, «Suqovuşanın azad olunmasına görə» və «Cəsur döyüşçü» medalları ilə təltif edilmişdir.
Əliyev Ziyadxan İbrahim oğlu